|
«Turizm haqqında» Azərbaycan Respublikasının Qanunu gözəl və füsunkar təbiətə malik, dağlarla əhatə olunan , nadir ağaclara malik yaşıl meşə örtüyü, saf suları ilə zəngin Masallıda turizmin inkişafına böyük təkan vermişdir. Rayonda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər.12 turist obyekti xüsusi razılıq (lisenziya) almışdır.
Həmin turizm və istirahət mərkəzlərində 1100-ə yaxın yer vardır. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir.Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, 2 muzey və R.Tağıyev adına tarix-diyarşünaslıq muzeyi xidmət göstərir. «İsti-su» Fatmeyi Zəhra şəfa müalicə sanatoriyası və istirahət mərkəzi dəri və oynaq, qadın xəstəlikləri, böyrək yolları və s. xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir.Hər il onlarla vətəndaş buraya putyovkalarla müalicəyə və istirahətə gəlir.
Dəştvənd, «İsti-su» , «Gülüstan», «Gölüstü» turist mərkəzlərində və ailə istirahət parkında turist və qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılmışdır.
Turistlər hər cür şəraiti olan Masallı Olimpiya kompleksinin imkanlarından, ekoloji və ailə turizmi, çay çimərliyi, müalicə vannaları formalarından da istifadə edə bilərlər. Müasir tipli mehmanxana və kotteclər Talış meşələrinin və yaşıllıqların içərisində, Viləş çayının sularına yaxın sahələrdə yerləşmişdir.
Milli kulinariyanın ən çox tanınmış çeşidləri ilə gələn qonaqlara yüksək iaşə servis xidməti göstərilir.
Milli –mənəvi dəyərlərimizin daşıyıcıları olan el sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar onların xidmətindədir.
Masallı həm də turizm mərkəzidir
Masallı şəhərini və ona bitişik Ərkivan qəsəbəsini keçib Masallı-Yardımlı şose yolu ilə üzü yuxarı - Qəriblər kəndi istiqamətinə gedərkən adamın gözləri qarşısında əsrarəngiz mənzərə açılır. 6-7 kilometr kənarda baş-başa verib əzəmətlə dayanan Talış dağları görünür. Qışda qardan ağ örpəyə bürünən, yazda-yayda meşələrin yamyaşıl rənginə boyanan, payızda qızılı don geyən dağlar.
Ulu Tanrı bu yerlərdən heç nəyini əsirgəməyib. Budaqları biri-birinə toxunarkən qaynaq olan nadir dəmirağac, meşələrin tacı palıd, nil, cökə, Eldar şamı, gur şəlalələr, buz bulaqlar, qıjıltı ilə axıb keçən Viləş çayı, min cür gül-çiçək, bülbüllərin xoş avazı buralara bir az da füsunkar görkəm verir. Elə buna görə də turizmlə məşğul olan masallılı iş adamları buraya - təbiətin təkrarsız gözəllikləri ilə dolu guşəsinə üz tutur, ərazidə bir-birinə bənzəməyən rahat, hər cür şəraiti olan istirahət mərkəzləri yaradırlar.
Qəriblər kəndini keçən kimi yolun hər iki tərəfində belə mərkəzlərin adını göstərən lövhələr də bunu sübut edir. İndi Masallıda qeydə alınmış 26 turist obyekti fəaliyyət göstərir. "Gölüstü", "Viləş", "Gülüstan", "Baba bulağı", "Ailə sevinci", "Kondisioner", "İstisu", "Fatimeyi-Zəhra" sanatoriyası, "Zirvə", "Beş qardaş", "Turist", "Cənnət bağı", "Daştvənd", "Hotel", "Masallı", "Dəmirağac" və digər istirahət ocaqları müxtəlif yerlərdən - paytaxt Bakıdan, xarici ölkələrdən gələnlərə göstərilən xidmətin səviyyəsini yüksəltmək üçün fəaliyyətlərini ilbəil təkmilləşdirir, daha çox turist cəlb etmək üçün yeniliklər arayıb-axtarırlar. Məsələn, obyektlərin hər biri haqqında bukletlər, fotoalbomlar buraxılır. Dincəlmək, müalicə almaq istəyənlər öncə onların vasitəsilə istirahət mərkəzləri və ümumən bu yerlərin flora və faunası ilə tanış olurlar. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin internet saytında Masallının istirahət mərkəzləri haqda məlumat yerləşdirilib. Bütün bunlar və digər reklam təbliğatı nəticəsiz qalmır. Keçən il rayondakı turist obyektlərində 16 min 222 nəfər istirahət etmişdir. Cari ilin birinci rübündə isə onların sayı 2 min 425 nəfər olmuşdur. Mövsüm isə yeni başlayır. Bir müddətdən - may ayının ortalarından sonra bu yerlərə gələnlərin sayı dəfələrlə artacaq.
Masallının istirahət mərkəzləri arasında "İstisu"yun öz yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər. Bu şəfa ocağının yaranma tarixini dəqiq bilən yoxdur. Hələ qədim zamanlarda insanlar ərazidən çıxan suya "min dərdin dərmanı" adını vermişlər. Bu suyun tərkibində müxtəlif mineral maddələr var. Yerin dərin qatından 60 dərəcə istilikdə çıxan su insanları iynəsiz, dərmansız sağaldır. Həkim-alim Mir Kazım Aslanlı apardığı çoxillik tədqiqatlar nəticəsində 1960-cı illərin əvvəllərində sübut etmişdir ki, bu su ilə yel, dəri, böyrək və sidik yolları, radikulit, prostat, hipertoniya, qara ciyər və öd yolları, sonsuzluq, mədə-bağırsaq və digər xəstəlikləri müalicə etmək mümkündür.
|